“Günəşli” yatağındakı 7 saylı dərin dəniz özülünün istismara verilməsi neft hasilatının sabitləşməsinə töhfə verəcək. Bu barədə bazar ertəsi jurnalistlərə SOCAR prezidenti (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Rövnəq Abdullayev məlumat verib.
“Biz “Günəşli” yatağında daha bir özül tikməyi planlaşdırırıq və yaxın zamanlarda onun layihələndirmə işləri başlayacaq”, - deyə R.Abdullayev qeyd edib.
O qeyd edib ki, 7 saylı özüldən sutkada 1 mln. kubmetr qaz və 1,4-1,5 min ton neft hasil ediləcək.
“İlk dəfə olaraq “Günəşli” yatağında 7 saylı dərin dəniz özülündən üfüqi quyunun qazma işləri həyata keçiriləcək”, - deyə SOCAR prezidenti bildirib.
Xəbər verildiyi kimi, SOCAR “Günəşli” yatağındakı 7 saylı dərin dəniz özülünü istismara verib.
Platforma dənizin 148 metr dərinliyində quraşdırılıb. Dayaq blokunun hündürlüyü 151 metr, çəkisi 9683,1 tondur. Üst tikililər ümumi çəkisi 3,561 min ton təşkil edən 14 moduldan ibarətdir. Platformanın ümumi çəkisi 25331,5 ton təşkil edir. Platformada helikopter meydançası, iki yanalma körpüsü və 120 nəfərlik yaşayış bloku yerləşir.
Quyularda qazma işləri iki müasir qazma qurğusunun (ZJ 70/4500 DZ (Çin) və Bentec 3000 HP AC (AFR)) köməyi ilə həyata keçiriləcək. İkinci qurğu daha geniş imkanlara malik olub 8-9 min metr dərinlikdə quyuların qazılmasına imkan verir.
Yeni platformanın tikinti xərcləri 180 mln. 827,9 min manat təşkil edib.
N.Abbasova