Respublikada ilk dəfə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) inzibati binası BREEAM (Building Research Establishment Environmental Assessment Method) tərəfindən yeni binaların qiymətləndirilməsi metodologiyası üzrə “yaxşı” qiymət aldı. Bu barədə fonddan məlumat verilib.
“BREEAM-dan qiymət almaq ARDNF-in yeni inzibati binasının tikinti prosesində qarşıya qoyulan vəzifələrdən biri idi. Tikinti zamanı BREEAM-ın tələbləri nəzərə alınıb. Fondun yeni inzibati binası Azərbaycanda BREEAM tərəfindən yeni binaların qiymətləndirilməsi metodologiyası üzrə tam hazır bina mərhələsində “yaxşı” qiymət alan ilk binadır”, - deyə məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, 29 dekabr 2014-cü il tarixində prezident İlham Əliyevin iştirakı ilə ARDNF-in yeni inzibati binasının açılış mərasimi olub.
ARDNF-in ikimərtəbəli yeraltı dayanacaqla birlikdə 26 mərtəbəli inzibati binasında 18 açıq tipli ofis mərtəbəsi, 3 texniki mərtəbə, muzey, 200 nəfərlik konfrans zalı, iclas otaqları, yeməkxana və s. yerləşir.
BREEAM - binaların ekoloji səmərəliliyin qiymətləndirilməsi üzrə aparıcı və daha geniş tətbiq olunan üsuldur.
1990-cı ildən başlayaraq BREEAM İnstitutu dünyada qəbul edilən bir neçə metodologiya üzrə bina və layihələrin qiymətləndirilməsini həyata keçirir. Yeni binaların qiymətləndirilməsi metodologiyası tikintinin 3 ayrı mərhələsində - ilkin tikinti işləri başa çatdıqdan sonra, kommunal və texniki xidmətlərlə təchizatdan sonra və ya tam hazır binaya tətbiq oluna bilər.
N.Abbasova