2016-cı ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) xərcləri 10 mlrd. 636,3 mln. manat səviyyəsində proqnozlaşdırılır ki, bu da 2015-ci ilin göstəricisindən 13,6% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.
Xəbər verildiyi kimi, daha əvvəl ARDNF-in 2016-cı il üçün gəlirləri 6 mlrd. 711 mln. 564,1 min manat, xərcləri 8 mlrd. 181 mln. 399,7 min manat səviyyəsində təsdiq edilmişdi.
2016-cı ilin dövlət büdcəsinin parametrlərinin dəyişməsi nəzərə alınmaqla ARDNF-in xərclərinə də yenidən baxılıb. Cari il üçün onların həcmi 10 mlrd. 636,3 mln. manat səviyyəsində proqnozlaşdırılır ki, bu da 2015-ci ilin göstəricisindən 13,6% azdır”, - deyə Maliyyə Nazirliyindən bildirilib.
Fondun xərclərinin strukturunda Azərbaycanın dövlət büdcəsinə transfertlər 7 mlrd . 615 mln. manat və ya 71,6% təşkil edir. “2 mlrd. 984,7 mln. manat və ya 28,1% bir sıra infrastruktur və sosial layihələrin maliyyələşdirilməsinə yönəldiləcək. Bunların arasında Türkiyədə “Star” NEZ-in, Bakı-Tbilisi-Qars dəmir yolunun və Cənub Qaz Dəhlizinin tikintisi layihələri var”,-deyə məlumatda qeyd olunur.
ARDNF Azərbaycan prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət təsisatıdır. Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.
A.Əzizov