Azərbaycan müxtəlif növ tədbirlərin həyata keçirilməsi baxımından Aİ-nin ən fəal tərəfdaşı hesab olunur. Bu barədə Avropa İttifaqının Bakı Ofisinin rəhbəri Malena Mard Avropa İttifaqı və Mədəniyyət və Turizm Nazirliyi arasında mədəniyyət sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi üzrə tvinninq layihəsinin başlanması münasibəti ilə keçirilən tədbirdə bildirib.
“Aİ və Azərbaycan arasında əməkdaşlıq başlayandan bu günə qədər 33 layihə həyata keçirilib”, - deyə M.Mard qeyd edib.
Onun sözlərinə görə, mədəniyyət ölkələr arasında əsas əməkdaşlıq istiqamətidir. Ümumilikdə, Aİ bu sahənin inkişaf etdirilməsinə 3% vəsait ayırır.
“Layihə iki il müddətinə nəzərdə tutulub, lakin bizim işimiz bununla məhdudlaşmır, bu layihənin reallaşdırılması zaman istifadə edilən təcrübə gələcəkdə də istifadə olunacaq. Biz müsbət nəticələr gözləyirik”,- deyə Aİ nümayəndəsi qeyd edib.
Onun sözlərinə görə, Aİ-Azərbaycan əməkdaşlığı 25 ildir davam edir və “biz bir- birimizin mədəniyyətini daha dərindən öyrənməliyik”, - deyə M. Mard vurğulayıb.
A.Zeydullayeva