Ankara və Bakı birgə ixrac potensialının artırılması və Naxçıvanda turizmin inkişaf etdirilməsi barədə qərar qəbul ediblər. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan məlumat verib.
“Biz birgə ixrac potensialının artırılması və Naxçıvanda turizmin inkişaf etdirilməsi barədə qərar qəbul etdik”, - deyə R.T.Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə Ankarada keçirilən birgə mətbuat konfransında bildirib.
O, Naxçıvndakı sağlamlıq mərkəzlərində şəxsən olduğunu bildirib.
“Naxçıvan turizm nöqteyi-nəzərindən mühüm coğrafi mövqedə yerləşir. Burada çoxlu sayda sağlamlıq mərkəzləri, kurortlar o cümlədən Duzdağ Fizioterapiya Mərkəzi var. Mən özüm şəxsən orada olmuşam”,- deyə prezident qeyd edib.
R.T.Ərdoğan Ankarada törədilən terror aktları ilə bağlı Azərbaycan-Türkiyə həmrəyliyi barəsində danışaraq vurğulayıb ki, onun ölkəsi hər zaman bütün məsələlərdə Bakının yanında olacaq.
“Türkiyə Dağlıq Qarabağ məsələsi başda olmaqla bütün məsələlərdə qardaş Azərbaycan xalqı ilə olub və bundan sonra da olacaq”, - deyə Türkiyə lideri vurğulayıb.
Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası barədə danışan R.T.Ərdoğan deyib ki, tərəflər bir sıra enerji, ticarət, iqtisadi və siyasi məsələləri ətraflı müzakirə ediblər.
Onun sözlərinə görə, ölkələr energetika və nəqliyyat sahəsində bir sıra birgə layihələr həyata keçirirlər. Bu layihələrin bəziləri bütün dünyaya ismarıc xarakteri daşıyır.
“İnşallah, dekabr ayında biz Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində iştirak edəcəyik. Bu layihə çərçivəsində Londondan Pekinə dəmir yolu nəqliyyatının əsası qoyulacaq. Beləliklə, bu nəhəng layihənin açılışı bütün dünyaya vacib mesaj olacaq”, - deyə Türkiyə prezidenti vurğulayıb.
O, həmçinin deyib ki, Ankara və Bakı 2023-cü ilə qədər mal dövriyyəsinin 15 mlrd. ABŞ dollarına çatdırılması istiqamətində iş aparır.
F.İsazadə