Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev sosial sığorta ayırmalarının dərəcələrinə yenidən baxılmasını aktual hesab etmir.
Hazırda sosial sığorta ayırmaları üzrə dərəcə 25% təşkil edir və iki mənbədən - işəgötürən tərəfindən əmək haqqı fondundan ödənilən 22% və işçinin öz əmək haqqından tutulan 3% hesabına formalaşır.
“Əmək haqlarının indiki səviyyəsində (manatın devalvasiyasından sonra - İF-Az) işçinin üzərinə düşən yükün artırılması, yəni sosial yığımların artırılması müəyyən narazılıq yarada bilər. İşçilərin sosial vəziyyəti hələ ki, bizə işçinin əmək haqqından tutulan dərəcəyə təkrar baxmağa imkan vermir”, - deyə E. Mehdiyev jurnalistlərə bildirib.
Onun sözlərinə görə, hazırda işəgötürən və işçi tərəfindən ödənilən dərəcələrin dəyişdirilməsi fondun gəlirlərinin artırılması nöqteyi-nəzərindən də səmərəli deyil.
Fond rəhbəri bildirib ki, bunu Dünya Bankı ilə birgə aparılmış aktuar tədqiqatlar da təsdiqləyir.
A.Axundov