Apellyasiya Məhkəməsi “Ayna” (“Zekalo”) qəzetinin jurnalisti Rauf Mirqədirovu məhkəmə zalından azad edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə jurnalistin vəkili Fuad Ağayev məlumat verib.
“Apellyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü dəyişdirərək 5 il sınaq müddəti təyin olunmaqla azadlığa buraxılması barədə qərar qəbul edib”,- deyə F.Ağayev bildirib.
Qeyd edək ki, müdafiə tərəfi R.Mirqədirovun cinayət işinə xitam verilməsi, həbs qətimkan tədbirinin ləğv edilməsi, bəzi sübutların cinayət işinin materiallarından çıxarılması ilə bağlı vəsatət irəli sürmüşdü.
R.Mirqədirov Bakı Ağır Cinayətlər Məhkəməsinin hokmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.
R.Mirqədirov ötən ilin aprel ayında Türkiyədə saxlanılıb və Azərbaycana deportasiya olunub.
Jurnalist 2008-ci ildə Ermənistan, Gürcüstan və Türkiyə ərazisində Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşərək onlara Azərbaycan Respublikasının dövlət suverenliyi və təhlükəsizliyinin, ərazi bütövlüyünün və müdafiə qabiliyyətinin zərərinə olaraq respublikada ictimai-siyasi və hərbi sahədə vəziyyətə dair məlumatlar, sxemlər və fotoşəkillər ötürməkdə şübhəli bilinir.
F.İsazadə