“Nike” şirkəti yeni texnologiyalı “HyperAdapt 1.0” markalı idman ayaqqabılarını təqdim edib. Krossovkalara yerləşdirilmiş xüsusi ötürücülər ayaqqabıya təzyiq göstərildiyini qeydə alan kimi bağlar özləri açılıb bağlanır.
Ayaqqabının kənarlarında yerləşdirilmiş düymələr vasitəsi ilə bağları boşaltmaq və sıxmaq mümkündür.
Bu modelin avtomatik bağları olan ayaqqabıların istehsalı üzrə ilk olması gözlənilir. “Nike” bu ayaqqabıların 3 rəngdə kütləvi istehsalını yaratmağı düşünür. Satışlar bu ilin sonunda başlayacaq, ayaqqabıların qiyməti hələ ki, elan edilməyib. Bu ayaqqabıları yalnız Nike+ internet tətbiqinin istifadəçiləri ala biləcəklər.
Bu ayaqqabıları idmançılar arasında ilk olaraq futbolçu Kriştiano Ronaldo əldə edib.
Daha öncə “Puma” şirkəti də öz istehsalı olan belə model ayaqqabıları təqdim etmişdi. Ötən ilin noyabr ayında “Puma Autodusc” markalı krossovkaların prototipini təqdim etmişdi. Bu idman ayaqqabılarında bağlar ayaqqabının kənar hissəsində yerləşdrilmiş düyməni basmaqla bağlanırdı.
Sözügedən krossovkalar hələ ki, kütləvi istehsala buraxılmayıb. Şirkət qeyd edib ki, ayaqqabıların enerji yığma sistemini təkmilləşdirmək niyyətindədir. Belə ki, hələlik bu proses USB kabel vasitəsi ilə həyata keçirilir, potensial alıcılar isə onların xüsusi xalça üzərində enerji toplamasını istədiklərini bildirmişdilər.
Özübağlanan ayaqqabı ideyası 1989-cu ildə “Gələcəyə qayıdış-2” filmi ekranlara çıxdıqdan sonra yaranıb. Filmdə baş qəhrəmanın istifadə etdiyi krossovkalar sifarişlə “Nike” şirkəti tərəfindən hazırlanmışdı. Belə ayaqqabıların kütləvi istehsalı üçün şirkətə 15 il vaxt lazım olub.