Azərbaycan prezidenti İlham Əliyev 148 nəfəri əfv edib. Bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilir.
İ.Əliyev müvafiq sərəncamı bu gün imzalayıb.
Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 137 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, 6 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 5 nəfər isə cərimə cəzasından azad olunub.
Əfv olunanlar arasında Müsavat Partiyasının başqan köməkçisi Tofiq Yaqublu, başqanın müşaviri Yadigar Sadıqov, tanınmış hüquq müdafiəçisi Rəsul Cəfərov, “Nida” Vətəndaş Hərəkatının üzvü Rəşadət Axundov, Prezident Aparatının İşlər İdarəsinin keçmiş müdiri Akif Muradverdiyev, hüquq müdafiəçisi, Seçkilərin Monitorinqi və
Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, Sirac Kərimli, jurnalist Pərviz Həşimli, Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı da var.
R.Babayev