Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasib Talıbov “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın nəşr edilməsi haqqında sərəncam imzalayıb.
Sənəddə bildirilir ki, son illərdə Naxçıvan Muxtar Respublikasında geniş quruculuq işləri həyata keçirilir. Bununla bağlı əhalinin və infrastruktur obyektlərinin mühafizəsini və fövqəladə halların qabaqlanması üçün profilaktik tədbirlərin planlaşdırılmasını həyata keçirən, bu sahədə müvafiq qərarlar qəbul edən dövlət orqanlarından vahid elmi-praktik yanaşma tələb olunur.
“Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın nəşri təbii resurslardan səmərəli istifadə, əhalinin, yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin, digər infrastruktur obyektlərinin, o cümlədən qaz kəmərlərinin, kommunikasiya xətlərinin fövqəladə hallardan qorunması, istehsal qüvvələrinin inkişafı məsələlərinin əsaslandırılmış şəkildə həll edilməsi məqsədi daşıyır.
“Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın redaksiya heyəti təsdiq edilib. Naxçıvan Muxtar Respublikası baş nazirinin birinci müavini Asəf Məmmədov redaksiya heyətinin sədri seçilib.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Q.Hüseynova