2016-cı ilin yanvar ayında Azərbaycanın dövlət büdcəsinin profisiti 833,2 mln. manat və ya ÜDM-in 20,8%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.
Cari ilin yanvar ayında dövlət büdcəsinin gəlirləri 1 mlrd. 349,6 mln. manat (azalma 19,9%), xərcləri 516,4 mln. manat (azalma 59,1%) təşkil edib.
Gəlirlərin strukturunda ƏDV üzrə daxilolmalar 361,3 mln. manat, mənfəət vergisi üzrə daxilolmalar 144,7 mln. manat, gəlir vergisi üzrə daxilolmalar 172,7 mln. manat, sadələşdirilmiş vergi üzrə daxilolmalar 39,5 mln. manat, aksizlər üzrə daxilolmalar 38,9 mln. manat təşkil edib. Qalan gəlirlər digər mənbələrin payına düşüb.
Yanvar ayında ƏDV üzrə daxilolmalar büdcə gəlirlərinin 26,8%-ni, mənfəət vergisi üzrə daxilolmalar 10,7%-ni, gəlir vergisi üzrə daxilolmalar 12,8%-ni təmin edib.
Xərclərin strukturunda 203,9 mln. manat sosial müdafiə və sosial təminat sahəsinə, 109 mln. manat ümumdövlət xərclərinə, 27,4 mln. manat təhsil, 8 mln. manat səhiyyə sahələrinə yönəldilib, qalanı isə digər maddələrin payına düşüb.
Azərbaycanın 2016-cı il dövlət büdcəsinin gəlirləri 16 mlrd. 822 mln. manat, xərcləri 18 mlrd. 495 mln. manat, büdcə kəsiri 1 mlrd. 673 mln. manat və ya ÜDM-in 2,9%-i səviyyəsində proqnozlaşdırılır.
A.Əzizov