“Silk Way West Airlines” Bakı və Kuala-Lumpur arasında birbaşa hava əlaqəsi yaradıb. Bu barədə şirkətin məlumatında deyilir.
Uçuşlar “Silk Way West Airlines” və Malayziyanın “MAB Kargo Sdn Bhd.” şirkəti arasında imzalanmış memorandum əsasında həyata keçirilir.
Müqaviləyə əsasən, şirkətlər dünyanın müxtəlif hava limanlarında bir-birlərinin təyyarə parklarından istifadə edə biləcəklər. İki şirkət arasındakı strateji əməkdaşlıq Heydər Əliyev adına Beynəlxalq Hava Limanından həftədə iki dəfə Kuala-Lumpur-Amsterdam marşrutu üzrə yerlərin rezerv edilməsi haqqında sazişi nəzərdə tutur.
Reyslər cümə axşamı və bazar günləri həyata keçiriləcək.
“Silk Way West Airlines”ın Amsterdamdan 100 tonla gələn ilk reysi martın 17-də Kuala-Lumpura enib. “MAB Karqo” şirkəri Kuala-Lumpurdan Amsterdamın Sxipxol hava limanına 80 tondan çox yükün daşınması üçün sifariş alıb.
Beləliklə, dünyanın 19 ölkəsinə reyslər həyata keçirən “Silk Way West Airlines” şirkəti üçün Malayziya paytaxtı Asiyada 7-ci müntəzəm istiqamət oldu.
““MAB Kargo Sdn Bhd” Asiyada geniş şəbəkəyə malikdir və “Silk Way West” şirkəti bizimlə birlikdə öz üfüqlərini genişləndirə bilər, çünki biz “Airbus A330-200F” və “Silk Way West” hava gəmilərimizlə həm Asiya, həm Avstraliya bazarlarına xidmət göstəririk. “Silk Way West” Boeing 747-800 təyyarələrindən ibarət öz yeni donanması ilə Avropa, Cənubi və Şimali Amerikada ən azı 15 təyinat məntəqəsi təklif etməklə bizə qərb istiqamətlərinə çıxış imkanı açır.
“Yerlərin rezerv edilməsi haqqında sazişə əsaslanaraq bu tərəfdaşlıq hər iki aviaşirkətə qlobal şəbəkələr vasitəsi ilə bir-birinin texniki imkanlarından istifadə hüququ verəcək. Biz Cənub-Şərq regionuna şəbəkəmizi genişləndirməyə və bazarın dəyişən tələbatını təmin etməyə davam edəcəyik”, - deyə “Silk Way West Airlines” şirkətinin icraçı direktoru Kamran Qasımov bildirib.
N.Abbasova