“Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovanın həbsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərardan Ali Məhkəmədə kassasiya şikayətinə baxılacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə jurnalistin vəkili Fariz Namazlı məlumat verib.
“Prosesin vaxtı hələ təyin olunmayıb. Kassasiya baxışı nəticəsində Xədicə İsmayılova haqqında müsbət qərar çıxarılacağı ehtimal olunur”, - deyə vəkil qeyd edib.
Bakı Ağır Cinayətlər Məhkəməsi sentyabrın 1-də jurnalist X.İsmayılovanın 7,5 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Noyabr ayında Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
X.İsmayılova Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinib. Bununla yanaşı, ona ittiham olunduğu 125-ci maddə (özünü öldürmə həddinə çatdırma) üzrə bəraət verilib.
R.Babayev