Qahirə Azərbaycan və Misir arasında birbaşa aviareysin açılmasında maraqlıdır. Bu fikirləri Misirin turizm nazirinin müavini Məhəmməd Əbd əl-Cabbar səsləndirib.
“Biz Azərbaycanla turizm əlaqələrini genişləndirmək niyyətindəyik, bununla əlaqədar Bakı və Qahirə arasında, yaxud Bakı və Şarm əl-Şeyx arasında birbaşa hava əlaqəsi yaratmaq istəyirik”, - deyə M.Əbd əl-Cabbar “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
O qeyd edib ki, birbaşa hava əlaqəsinin inkişaf etdirilməsi Azərbaycan və Misir arasında turizmin inkişafına böyük töhfə verəcək.
“Misirə səfər edən Azərbaycan vətəndaşlarının sayı çox deyil və təxminən 3 min nəfərə yaxındır. Bu, çox azdır. Bununla əlaqədar olaraq biz Misir turizm agentliklərinin nümayəndə heyətlərinin Azərbaycana səfərini planlaşdırırıq. Məqsəd Azərbaycana birbaşa hava reyslərinin açılmasına olan tələbatın öyrənilməsi və azərbaycanlı turistlərin sayının artırılması yollarının müzakirə olunmasıdır”, - deyə nazir müavini qeyd edib.
O bildirib ki, Azərbaycanla davamlı turizm əlaqələrinin yaradılması turistlərin üzləşdiyi bütün problemləri aradan qaldıracaq. Turizm paketlərinin qiymətinə gəlincə, M.Əbd əl-Cabbar deyib ki, Misir tərəfi müəyyən güzəştlər təklif edə bilər. “Bu, loukoster deyil. Bu, bir növ güzəştli qiymətlər şəklində özünü göstərə bilər. Biz həmçinin Misirdə turizmlə məşğul olan hər hansı Azərbaycan şirkəti ilə əməkdaşlıq qura, onlara kömək edə bilərik”, - deyə o diqqətə çatdırıb.
F.İsazadə