Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Kəlbəcərdən olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Yevlax rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi üçün prioritet sahələri müəyyənləşdirib. Bu barədə fondun elanında deyilir.
SKMF cins heyvandarlıq, pendir istehsalı, arıçılıq və balın emalı, çörək və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması üzrə layihələrin maliyyələşdirilməsini məqsədəuyğun hesab edir.
“Sahibkarlar bu istiqamətlərdə layihələrini fondun müvəkkil kredit təşkilatlarına təqdim edə, eləcə də fonda müraciət edərək müvafiq məsləhətlər ala bilərlər. Bununla yanaşı, sahibkarların istəyinə əsasən, SKMF layihənin dəyərinin 100%-dək həcmində kredit ayıra bilər”, - deyə məlumatda qeyd edilir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 60-dan artıq bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2015-ci ildə fondun xətti ilə sahibkarlara 248,5 mln. manat məbləğində güzəştli kredit verilib, 2016-cı ildə fondun vəsaitlərindən 250 mln. manat məbləğində kredit verilməsi planlaşdırılır.
A.Əzizov