“Cybernet” MMC Vergilər Nazirliyi üçün bir sıra xidmətlər həyata keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Satınalmalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
“Martın 18-də Vergilər Nazirliyi ilə “Cybernet” şirkəti arasında bir sıra işlərin həyata keçirilməsi haqqında müqavilə imzalanıb”, - deyə məlumatda qeyd olunur.
Müqavilə çərçivəsində “Cybernet” Vergilər Nazirliyinə server otağında nazirliyin şəbəkə və əməliyyat sistemi üçün lisenziyalı proqram təminatı, arxiv sistemləri üçün proqram təminatı tədarük edəcək, AVIS, BVIS altsistemlərinə, elektron imza sisteminə, İnternet vasitəsilə vətəndaşlara göstərilən xidmətlərə dəstək verəcək, sahibkarlıq sahəsində universal telefon xidmətinin texniki avadanlığı və proqram təminatına xidmət göstərəcək və s.
Müqavilənin dəyəri 3 mln. 395 min 952,66 manat təşkil edir”, - deyə məlumatda bildirilir.
“Cybernet” MMC 2004-cü ildə Azərbaycanda yaradılıb və hazırda "Synergy Group"un tərkibinə daxildir.
A.Əzizov