Britaniyada nəşr edilən, dünyanın ən böyük və möhtəşəm 50 şəhərindən bəhs edən “Skylines” kitabında Bakıya xüsusi yer ayrılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Nəşrin müəllifləri olan britaniyalı xanım Yolanda Zappaterra və Jan Fuscoe dünyada ən canlı, möhtəşəm, böyük, tanınmış, ən çox turist cəlb edən, memarlıq cəhətdən heyrətamiz 50 şəhəri seçərək onlar haqqında məlumatları kitaba daxil ediblər.
Kitabın səhifələrində seçilmiş şəhərlərdən olan və oxucuda maraqlı təsəvvür silueti yaradan ikonik binalar təsvir olunub. Bu təsvirlərin müəllifi məşhur britaniyalı illüstrator Jenny Seddondur.
“Aurum Press” nəşriyyatı tərəfindən Britaniyada nəşr edilən kitabda Bakı ilə yanaşı, London, Paris, İstanbul, Moskva, Nyu-York, Roma və digər şəhərlər yer alıb.
Kitabın Bakı haqqında olan hissəsində şəhərin VI əsrə qədərki tarixinə nəzər salınır.
Kitabda müasir Bakının gözəlliklərindən, arxitekturasından, tarixi abidələrindən və dünyada məşhurlaşan müasir tikililərindən bəhs edilib. Burada İçərişəhər, Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi kimi UNESCO-nun Dünya Mədəni İrs siyahısına daxil edilən möhtəşəm və qədim tarixi abidələr olduğu vurğulanıb.
Son dövrlərdə Bakı şəhərinin “Eurovision” mahnı müsabiqəsi, Avropa Oyunları kimi beynəlxalq əhəmiyyətli yarışlara ev sahibliyi etdiyi və bu il də “Formula-1” üzrə Avropa Qran-pri yarışını keçirəcəyi diqqətə çatdırılıb.
A. Zeydullayeva