2016-cı ilin yanvar-fevral aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə yükdaşımaların həcmi 31 mln. 144,1 ton təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 5,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, yanvar-fevral aylarında qeyri-neft yükdaşımalarının həcmi 1,4% - 22 mln. tona qədər artıb.
Yükdaşımaların strukturunda qeyri-dövlət nəqliyyat müəssisələrinin payına 79,8%, dövlət sektorunun payına 20,2% düşüb. 2016-cı ilin yanvar-fevral aylarında qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yükdaşımaların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 1,3% artıb.
Hesabat dövrü ərzində dəmir yolu ilə 2 mln. 137,4 min ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da 2015-ci ilin yanvar-fevral aylarının göstəricisindən 33,1% azdır.
2016-cı ilin yanvar-fevral aylarında respublikanın dəniz nəqliyyatı ilə 839,9 min ton (azalma 40%), avtomobil nəqliyyatı ilə 18 mln. 19,5 min ton (artım 2,8%), hava nəqliyyatı ilə 21,9 min ton (artım 37,7%) müxtəlif növ yük daşınıb.
Bu dövrdə daxili neft kəmərləri ilə 7 mln. 251,7 min ton neft (azalma 5,1%) nəql edilib. 5 mln. 800,9 min ton və ya nəqlin bütün həcminin 80%-i Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə nəql olunub. 2016-cı ilin yanvar-fevral aylarında BTC neft kəməri ilə 0,8 mln. ton Türkmənistan nefti nəql olunub.
Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.
N.Abbasova