2015-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının kəsiri 2014-cü ilin yekunları üzrə qeydə alınmış $10 mlrd. 423,6 mln. məbləğində profisitə qarşı $222,5 mln. təşkil edib.
Azərbaycan Mərkəzi Bankı (AMB) 2015-ci ilin yekunları üzrə cari əməliyyatların profisitini $0,5 mlrd. səviyyəsində proqnozlaşdırmışdı.
AMB-nin saytında dərc edilmiş 2015-ci il üzrə tədiyə balansına əsasən, hesabat ilində neft-qaz sektoru üzrə profisit $6 mlrd. 548,9 mln., qeyri-neft sektoru üzrə kəsir $6 mlrd. 771,4 mln. təşkil edib.
AMB-nin məlumatına görə, 2015-ci ildə xarici ticarət dövriyyəsinin həcmi $25,4 mlrd. təşkil edib və Azərbaycanın xarici ticarətdə profisiti $5,8 mlrd. səviyyəsində olub. Xarici ticarət dövriyyəsinin 10,5%-i MDB ölkələrinin, 89,5%-i uzaq xarici ölkələrin payına düşüb.
Həcmi $15,6 mlrd. təşkil etmiş ixracın strukturunda neft-qaz məhsulları Azərbaycanın ümumi mal ixracı həcminin 90,4%-ni təşkil edib. Neft və neft məhsullarının bilavasitə ixracı $12,8 mlrd. təşkil edib.
$9,8 mlrd. təşkil etmiş idxalın strukturunda istehlak malları $3 mlrd. 850,8 mln. təşkil edib.
A.Əzizov