Azərbaycan və Misir arasında Bakı- Şarm əl-Şeyx-Bakı aviareysinin yaradılması üzrə işlər davam etdirilir. Bu barədə Azərbaycanın Misirdəki səfirliyinin müşaviri Rafael Bağırov “İnterfaks-Azərbaycan” agentliyinə verdiyi müsahibədə bildirib.
“Ötən ilin sonunda Şarm əl-Şeyx şəhərinin qubernatoru Azərbaycanda olub. Səfərin əsas məqsədi Bakı-Şarm əl-Şeyx-Bakı marşrutu üzrə reyslərin açılmasına dair danışıqlar aparmaq olub. Təəssüf ki, “Koqalımavia” şirkətinə məxsus “Airbus-321” təyyarəsinin Misirdə qəzaya uğraması ilə əlaqədar olaraq bu məsələ təxirə salınıb”, - deyə R.Bağırov qeyd edib.
Onun sözlərinə görə, buna baxmayraq, bu məsələ gündəmdə qalmaqdadır. Bu istiqamətdə işlər və danışıqlar davam etdirilir. Ümumi razılıq əldə edilib və yaxın gələcəkdə reysin açılması gözlənilir.
Müşavirin sözlərinə görə, ilkin mərhələdə reyslər Misir Hava Yollarına məxsus təyyarələrlə həyata keçiriləcək.
“Əsas odur ki, bu proses artıq başlayıb. Siz özünüz də şahidsiniz ki, Rusiya layneri ilə baş vermiş insidentdən sonra bir çox aviaşirkətlər Şarm əl-Şeyxə uçuşları bərpa etməyiblər. Məsələn, Misir Rusiyadan gələn turistlərə böyük önəm verir. Lakin RF bu kurort şəhərinə birbaşa uçuşları bərpa etməyib. Və ya Türk Hava Yolları. Onlar da “Koqalımavia” şirkətinə məxsus “Airbus-321” təyyarəsinin qəzasından sonra uçuşları dayandırdılar. Lakin mənə məlum olduğu kimi, onlar (Türk Hava Yolları - İF-Az) bu ilin aprel ayından uçuşları bərpa etmək niyyətindədirlər”, - deyə R.Bağırov bildirib.
O, həmçinin söyləyib ki, Bakı-Şarm əl-Şeyx-Bakı reysinin yaradılmasına üstünlük verilir, çünki Misirə səyahət etmək istəyənlərin əksəriyyəti turistlərdir.
“Bakı və Qahirə arasında danışıqların əsas mövzusu Bakı-Şarm əl-Şeyx-Bakı reysinin yaradılması ilə bağlıdır. İndi bu şəhərə bir çox reyslər Qahirə şəhəri vasitəsi ilə həyata keçirilir, danışıqlar Qahirəyə, daha sonra Şarm əl-Şeyxə uçuşların təşkil edilməsi mövzusunu da əhatə edə bilər. Bu, təhlükəsizlik baxımından nəzərdə tutulur”, - deyə səfirliyin müşaviri qeyd edib.
Müsahibənin tam mətni ilə http://interfax.az/view/668752. ünvanında tanış ola bilərsiniz.
B.Rüstəmbəyov