Azərbaycan dövləti XX əsrin sonunda dağılma təhlükəsi qarşısında idi. Bunu Qafqaz Msəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə azərbaycanlıların 1918-ci ildə törədilmiş soyqırımının növbəti ildönümünə həsr olunmuş konfransda söyləyib.
“Əgər 1990-cı ildə Heydər Əliyev ikinci dəfə Azərbaycana rəhbərlik etməsəydi, biz indi müstəqil dövlət olmazdıq, başqalarının vassalına çevrilərdik. Dövlətimizi hissələrə bölərdilər, buna görə də biz, torpağımızı, dövlətimizi qiymətləndirməliyik”,- deyə QMİ sədri bildirib.
O deyib ki, Azərbaycan tarixində çoxlu xəyanətlər olub. “Biz düzgün təbliğat aparsaydıq, torpaqlarımızı itirməzdik. Təəssüf ki, Azərbaycanın tarixində kimlərsə hakimiyyətə gəlmək üçün torpaqlarımızın itirilməsinə göz yumub, xəyanətə yol verib”, - deyə A.Paşazadə bildirib.
O, erməni diasporunun etdiyi kimi, məqsədyönlü təbliğatın aparılmasının vacib olduğunu söyləyib.
“1918-ci ilin mart ayında Azərbaycanda soyqırımının törədilməsindən 100 ildən artıq vaxt keçməsinə baxmayraq, bu faciənin ağrısı hələ də Azərbaycan xalqının ürəyini sızladır. Bu soyqırımın acısını unutmaq olmaz”,- deyə A.Paşazadə qeyd edib.
O əlavə edib ki, ermənilər artıq 200 ildən çoxdur Azərbaycana qarşı təcavüzkar siyasət yürüdürlər.
“Ermənilər öz çirkin məqsədlərini həyata keçirmək üçün məqsədyönlü şəkildə tarixi saxtalaşdırırlar. Onlar Avropada və dünyanın müxtəlif regionlarında məqsədyönlü şəkildə bununla məşğul olurlar. Bununla yanaşı, onlar tarixi həqiqətləri və faktları gözəl bilirlər, lakin dünyaya tarixi həqiqətləri fərqli şəkildə çatdırıb düzgün olmayan fikir formalaşdırırlar”, - deyə QMİ sədri qeyd edib.
Onun sözlərinə görə, erməni lobbisi hər yerdə bildirir ki, Azərbaycan Qarabağı işğal edib, təəsssüf ki, dünyada bir çoxları da bu yalana inanır.
A.Paşazadə 1990-cı ilin 20 Yanvar hadisələrində erməni lobbisinin əli olduğunu bildirib.
“Ermənilər 1918-ci ildə azərbaycanlılara qarşı soyqırımı törədiblər. 1948 və 1952-ci illərdə azərbaycanlıları yurdlarından sürgün ediblər. Onların 20 Yanvar hadisələrində də əli var, Ö dövrdə Kremldə sağlam düşüncələrə qulaq asmırdılar və onlar Ermənistanın Dağlıq Qarabağı zəbt etməsinə imkan verdilər. 20 Yanvar hadisələrindən sonra şəhidlərin Şəhidlər Xiyabanında dəfn edilməsinə mane olan güclər var idi, onlar şəhidlərin 26 Bakı Komissarı bağında dəfn edilməsini istəyirdilər”,- deyə A.Paşazadə qeyd edib.
R.Babayev