Bakıda Xəzər Universitetinin Fizika kafedrasının dosenti Əlihüseyn Dövlətovun “Dünya Məktəbi” liseyinin şagirdləri ilə görüşü keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.
Tədbir Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin “Alimlər uşaqlara” layihəsi çərçivəsində keçirilib. Görüş Sovet fiziki, akademik Sergey Vavilovun anadan olmasının 125 illiyinə həsr olunub.
Ə.Dövlətov uşaqlara S.Vavilovun elmin inkişafına verdiyi əhəmiyyətli töhfələrdən, SSRİ Elmlər Akademiyasının Fizika İnstitutunun yaradılmasında alimin rolundan danışıb.
Məlum olduğu kimi, akademikin qardaşı görkəmli bioloq və coğrafiya alimi, müasir genetika nəzəriyyəsinin yaradıcılarından biri, Ümumittifaq Bitkiçilik İnstitutunun əsasını qoyan Nikolay Vavilovdur. O, bakılılara xüsusilə yaxındır, axı 1926-cı ildə məhz o, Mərdəkan dendrarisini yaradıb, hazıda bu dendraridə bütün dünyadan gətirilmiş 1800 növ bitki yetişdirilib.
Rus şairi Sergey Yeseninin ev muzeyi də məhz burada yerləşir və hər il şairin doğum günündə Yesenin ədəbi festivalı keçirilir.
A.Zeydullayeva