Bəşəriyyət tarixində törədilən soyqırımlara siyasi-hüquqi qiymətin verlməsindən imtina gələcəkdə istənilən əlamət üzrə insanların kütləvi qırğını aktlarının təkrarlanmasına imkan yaradır. Bu barədə gənclər və idman nazirini müavini İntiqam Babayev bəyan edib.
“Hər hansı beynəlxalq təşkilat və ya dövlət tarixdə məlum olan soyqırım aktlarına siyasi-hüquqi qiymət verməkdən imtina etdikdə, bəşəriyyətə qarşı yönələn addım atırlar. Yəni gələcəkdə bu cür qanlı hadisələrin təkrarlanmasına imkan yaradırlar”, - deyə İ.Babayev 31 mart 1918-ci il - Azərbaycanlıların Soyqırımı Gününün növbəti ildönümünə həsr olunan “Soyqırımlara son” adlı beynəlxalq konfransda vurğulayıb.
O qeyd edib ki, bu gün Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbirlər nəinki Azərbaycan, həm də digər ölkələrdə keçirilir.
“Bu gün dünyada son dərəcə qeyri-stabil vəziyyət müşahidə olunur. Dünyada vəziyyətin sabitləşməsi əvəzinə Yer kürəsinin müxtəlif regionlarında münaqişələrin sayının artmasının şahidi oluruq. Müxtəlif ölkələrdə insanlara qarşı etnik, dini və digər əlamətlər üzrə təmizləmə siyasəti aparılır, bunlar da irimiqyaslı müharibələrə çevrilir”, - deyə İ.Babayev bildirib.
Nazir müavini qeyd edib ki, Azərbaycan xalqı son iki əsr ərzində ermənilər tərəfindən deportasiya və soyqırım siyasətinə məruz qalıb.
“1918-ci ildə Sovet hakimiyyətinin qurulması pərdəsi altında erməni millətçiləri Bakı və Azərbaycanın müxtəlif regionlarında on minlərlə həmvətənimizi qətlə yetiriblər. Bu siyasətin davam etməsi ХХ əsrin sonlarında Xocalı soyqrımına səbəb oldu. Bu faciə zamanı minlərlə dinc azərbaycanlı qətlə yetirildi”, - deyə o bəyan edib.
İ.Babayev qeyd edib ki, bu gün soyqırım siyasəti insanların kütləvi terrora məruz qaldıqları bir çox ölkələrdə həyata keçirilir.
R.Babayev