Bakıda “Oyun şagirdlərin rus dili və ədəbiyyatı üzrə dərs və dərsdənkənar fəaliyyətinin təşkili üsulu kimi” mövzusunda seminar keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzindən məlumat verilib.
Seminarda təlim rus və Azərbaycan dillərində olan məktəblərin rus dili və ədəbiyyatı müəllimləri iştirak ediblər.
Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksinin direktor müavini Naibə Kərimli və 95 saylı məktəbin rus dili və ədəbiyyatı müəllimi Sona Abbasova məruzə ilə çıxış ediblər.
Təhsil Nazirliyi RİMM-in Rus dili tədris-metodiki mərkəzinə orta məktəblər üçün rus dili və ədəbiyyatı üzrə dərs vəsaitlərinin monitorinqində iştirak etmək təklifi ilə müraciət edib. Seminar iştirakçıları müzakirələrə aktiv şəkildə qoşulublar və bir sıra dərsliklərlə bağlı öz fikirlərini bildiriblər ki, bu rəylər də Təhsil Nazirliyinə göndəriləcək.
Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina “Rusiya və Azərbaycan şəhərlərinin səsləşməsi” layihəsinin ikinci mərhələsinin start götürəcəyini bildirib. Daha sonra seminarda iştirak edən müəllimlərin təmsil etdikləri məktəblərin Rusiyadakı hansı şəhərlərin məktəbləri ilə tərəfdaşlıq edəcəyini müəyyən etmək üçün püşkatma keçirilib.
Seminarın sonunda bütün iştirakçılara kompakt disklərə yazılmış metodiki materiallar təqdim edilib.
A.Zeydullayeva