Aprelin 9-da Bakıda Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Madam Baterflyay” (“Çio-Çio-San”) operası nümayiş olunacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə teatrın mətbuat xidmətindən məlumat verilib.
Çio-Çio-San partiyasını ifa etmək üçün Cənubi Koreya əsilli, tanınmış amerikalı vokalist Suoen Kim dəvət olunub. Onun solo konsertləri və opera tamaşalarındakı çıxışları dünyanın ən nüfuzlu konsert salonlarında tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. O, Nyu-Yorkun “Karneqi Holl”, Vyananın “Müzikfereyn”, Tokionun “Santori Holl”, Honkonqun “Siti Holl” saraylarında uğurlu konsertlər verib.
Fransa, Almaniya, Yaponiya, Cənubi Koreya, Çexiya və Nyu-Yorkda “Kənd şərəfi”, “Traviata”, “Don Juan”, “Bohema”, “Trubadur”, “Armida” kimi opera tamaşalarında əsas partiyaları ifa edib.
Şarples partiyasını Ukrayna Milli Operasının solisti, Ukraynanın əməkdar artisti Dmitri Qrişin ifa edib.
Tamaşada Azərbaycanın əməkdar artistləri Fərid Əliyev (Pinkerton) və Səbinə Vahabzadə (Suzuki) də rol alıblar.
Operaya Azərbaycanın xalq artisti, professor Yalçın Adıgözəlov dirijorluq edəcək.
A.Zeydullayeva