SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Monteneqroda kurortun tikintisi layihəsinə 200 mln. avrodan artıq vəsait yatırıb. Bu barədə Monteneqro prezidenti Filip Vuyanoviç “bne IntelliNews” nəşrinə müsahibəsində bildirib.
“SOCAR artıq bu layihəyə 200 mln. avrodan artıq vəsait yatırıb. Kurortun 2017-ci ildə açılacağını gözləyirik”, - deyə F.Vuyanoviç bəyan edib.
Onun sözlərinə görə, dəyəri 500 mln. avro olan yeni kurort ölkənin turizm sektorunu və bütün iqtisadiyyatını stimullaşdırır.
F.Vuyanoviçin sözlərinə görə, SOCAR-dan başqa, kurortun maliyyələşdirilməsində Azərbaycanın “Synergy Group”, “PASHA Holding” və “AtaHoldings” şirkətlər qrupları iştirak edir.
2012-ci ildə Monteneqroda keçmiş hərbi obyektin 90 il müddətinə icarəsi üzrə tenderin qalibi “Triangle Investments and Development Limited” şirkəti tərəfindən təmsil olunan SOCAR olub. Layihənin Monteneqroda reallaşdırılması məqsədilə Azərbaycan tərəfi “Azmont Investments” MMC təsis edib. Kurort kompleksi Kumbor şəhərində Boko-Kotor körfəzinin sahilində köhnə kazarmaların yerində yerləşəcək. Yeni kompleks imkanlı müştərilər üçün nəzərdə tutulan “One&Only” kurortlar şəbəkəsinə daxil olacaq. Monteneqrodakı otel Avropada bu şəbəkənin ilk layihəsi olacaq.
A.Axundov