Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçisi Stefan Şennak gələn həftə Bakıya səfərə gələcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib.
“AŞPA Monitorinq Komitəsinin məruzəçisi Stefan Şennak Azərbaycanın hələ 2001-ci ildə AŞPA-ya daxil olarkən bu təşkilat qarşısında üzərinə götürdüyü 222 nömrəli sənədə əsaslanan öhdəlikləri ilə bağlı məsələləri müzakirə etmək üçün gəlir”, - deyə S.Seyidov qeyd edib.
O deyib ki, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirib.
“Ölkəmiz monitorinq altında olduğuna və həmişə hansısa problemlər mövcud olduğuna görə məruzəçilər “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı məruzəni hazırlamaq üçün müntəzəm olaraq ölkəmizə gəlirlər”, - deyə S.Seyidov qeyd edib.
S.Şennakın səfəri aprelin 5-dən 9-na qədər davam edəcək.
R.Babayev