Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi Azərbaycanın tədiyə balansında müsbət trendi qeyd edir.
Məhəmməd əl-Qorçi Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələrlə görüş keçirib.
O, bildirib ki, Azərbaycanın yaratdığı və qeyri-neft-və özəl sektorların inkişafını nəzərdə tutan yeni iqtisadi model respublikanın iqtisadiyyatını şaxələndirməyə imkan verəcək.
"Azərbaycan hökuməti özəl sektorun dəstəyini prioritet istiqamət kimi müəyyən etməklə doğru seçim edib", - deyə o əlavə edib.
UNEC-in rektoru Ədalət Muradov isə qeyd edib ki, Azərbaycan iqtisadiyyatında mövcud çağırışlar, ilk növbədə, neftin qiymətinin dəyişkənliyi ilə bağlıdır. Onun sözlərinə görə, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, lisenziya və icazə sisteminin sadələşdirilməsi məqsədilə islahatlar aparılır.
Daha əvvəl Mərkəzi Bankın sədri Elman Rüstəmov da tədiyə balansı ilə bağlı vəziyyətin sabitləşdiyini bildirmişdi.
2015-ci ildə Azərbaycan tədiyə balansının cari əməliyyatlar hesabının kəsiri $222,5 mln. təşkil edib.
A.Əzizov