Cənub Qaz Dəhlizi (CQD) layihəsinin cari dəyəri $40 mlrd. məbləğində qiymətləndirilir.
Əvvəllər layihə $45-48 mlrd. dəyərində qiymətləndirilirdi.
"Dünyada neftin ucuzlaşması CQD layihəsinin dəyərinin azalmasına səbəb olub”, - deyə energetika naziri Natiq Əliyev bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, neftin qiymətinin ucuzlaşması ilə əlaqədar layihə üzrə aparılan tikinti işlərində istifadə olunan materiallar da ucuzlaşır.
"Belə ki, indiki şəraitdə “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində işlərin dəyəri $23,8 mlrd. həcmində qiymətləndirilir, bu məbləğə Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi üzrə $4,9 mlrd. dəyərində işlər də daxildir”, - deyə nazir vurğulayıb.
N.Əliyev deyib ki, Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisi layihəsi $9,3 mlrd., Trans-Adriatik qaz kəmərinin (Trans-Adriatic pipeline, TAP) tikintisi üzrə işlər $6 mlrd. dəyərində qiymətləndirilir.
N.Abbasova