Beynəlxalq Valyuta Fondu (BVF) 2016-cı ildə Azərbaycanda ÜDM-nin 2,4% azalacağını proqnozlaşdırır. Bu barədə fondun saytında məlumat verilir. Cari ilin aprel ayında Azərbaycanda resessiya 3% səviyyəsində proqnozlaşdırmışdı.
Fond 2017-ci il üçün ÜDM artımını 1,4% səviyyəsində proqnozlaşdırır (aprel ayına olan proqnoz – 1% artım).
Bununla belə, cari ildə qeyri-neft sektorunda azalma 3,6%, 2017-ci ildə artım 2,4% təşkil edəcək.
"Azərbaycan iqtisadiyyatı bir sıra sarsıntılar - xüsusilə neftin ucuzlaşması, artım tempinin azalması və ticarət tərəfdaşlarında valyutanın devalvasiyası ilə üzləşdi. Nəticədə iqtisadi artım 2015-ci ildə 1,1%-dək azaldı və proqnozlara görə, resessiya 2016-cı ildə 2,4% təşkil edəcək", - deyə fondun Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi qeyd edib.
Onun sözlərinə görə, ortamüddətli perspektivdə respublikada iqtisadi artım ildə 2,5-2,75% təşkil edəcək ki, bu da qaz hasilatı və ixracının artması, aparılan islahatlarla əlaqədar olacaq.
"Struktur islahatlar proqramının tam reallaşdırılması nəticəsində iqtisadi artım potensialı təxminən 4-5% yüksələ bilər”, - deyə M.Qorçi hesab edir.
Fondun qiymətləndirmələrinə görə, 2016-cı ildə Azərbaycanda ortaillik inflyasiya 12,8% təşkil edəcək, 2017-ci ildə 9,5%-dək azalacaq (aprel ayına olan proqnoza uyğundur).
BVF-nin proqnozlarına əsasən, cari ildə Azərbaycanın tədiyə balansının profisiti ÜDM-nin 1,7%-ni (aprel ayına olan proqnoz – ÜDM-nin 0,2%-i səviyyəsində kəsir), 2017-ci ildəisə 2,8%-ni (aprel ayına olan proqnoz – ÜDM-nin 0,2%-i səviyyəsində profisit) təşkil edəcək.
Azərbaycan hökuməti 2016-cı il üçün ÜDM artımını 1,8%, ortaillik inflyasiyanı 12,1% səviyyəsində proqnozlaşdırır.
2015-ci ildə respublikada ÜDM-nin artımı 1,1%, infylasiya 4% təşkil edib.
A.Əzizov