Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham") prezident İlham Əliyevin Cinayət Məcəlləsinə vergi ödəməkdən yayınmaya görə cinayət məsuliyyətinə cəlb edilmə həddinin artırılmasını nəzərdə tutan dəyişikliyin edilməsi qərarını alqışlayır. Bu barədə palatanın məlumatında deyilir.
Prezident İ.Əliyev Cinayət Məcəlləsinin 213-cü maddəsinə edilmiş və artıq bu ilin iyun ayının 1-dən qüvvəyə minən dəyişikliyi təsdiq edib. Bu dəyişikliyə əsasən xeyli miqdarda vergi ödəməkdən yayınmaya görə cinayət məsuliyyətinə cəlb edilmə həddi 2 min manatdan 20 min manatadək, külli miqdarda yayınmaya görə isə 50 min manatdan 100 min manatadək artırılıb.
Palata hesab edir ki, bu dəyişiklik sahibkarlıq subyektlərində etimadın gücləndirilməsinə, sosial ədalətin təmin edilməsinə və tənzimləmə yükünün və xərclərinin azaldılmasına töhfə verəcək: "Əminik ki, hazırda müzakirələrin davam etdiyi bir sıra digər istiqamətlər üzrə də müsbət irəliləyişə nail olunacaq. Biz Azərbaycan iqtisadiyyatının daha da güclənməsi və rəqabət qabiliyyətliyinin artırılması istiqamətində bütün tərəfdaşlarımızla işləmək əzmindəyik", - deyə məlumatda bildirilir.
1996-cı ildə əsası qoyulmuş “AmCham Azerbaijan” – Azərbaycanın biznes maraqlarını dəstəkləyən və təşviq edən aparıcı biznes assosiasiyadır. Ölkənin ən geniş və nüfuzlu təşkilatlarından biri olaraq, “AmCham” öz üzvlərinə ən geniş işgüzar danışıqlar imkanı yaradır. “AmCham” 275 üzvdən və Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal olan tərəfdaşlardan ibarətdir. “AmCham” Azərbaycanda xarici investisiyaların 80%-ni, eləcə də yerli investisiyalarının əhəmiyyətli hissəsini təmsil edir.
F.İsazadə