SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Çinin Milli Neft Korporasiyasını (CNPC) Qaradağ rayonunda tikintisi həyata keçirilən Neft-qaz emalı və neft-kimya kompleksi (OGPC) layihəsinə investor və tərəfdaş kimi cəlb etməyi planlaşdırır. Bu barədə jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev məlumat verib.
SOCAR və CNPC iyunun 1-də neft-qaz və neft-kimya sahələrində birgə fəaliyyət haqqında Anlaşma Memorandumu imzalayıb.
"CNPC şirkəti neft-kimya sahəsində böyük təcrübəyə malikdir və OGPC kompleksinin tikintisi layihəsində investor kimi iştirak etmək istəyir. Biz bu şirkətlə danışıqlara başlamışıq və ona Çinin “Exim” və digər banklarından kredit cəlb etməklə bu layihədə investor və payçı kimi iştirak etməyi təklif etmişik", - deyə R.Abdullayev memorandumun məzmununu “İnterfaks-Azərbaycan” agentliyinə şərh edərkən bildirib.
O izah edib ki, OGPC layihəsində CNPC-in payı hələ müəyyən edilməyib.
OGPC kompleksinin tikinti layihəsi iki mərhələdə həyata keçiriləcək, birinci mərhələdə qaz emalı zavodu və neft-kimya zavodunun tikintisi, ikinci mərhələdə neft emalı zavodunun tikintisi nəzərdə tutulub. Birinci mərhələ çərçivəsində tikinti işləri 2015-2020-ci illəri əhatə edəcək.
I mərhələnin dəyəri $7 mlrd. təşkil edir və onun 30%-nin dövlət vəsaiti, 70%-nin isə borc vəsait hesabına maliyyələşdirilməsi planlaşdırılır. Kreditlər üzrə faizlərin ödənilməsi nəzərə alınmaqla ümumilikdə bu layihənin dəyəri $8,45 mlrd. təşkil edir. Birinci mərhələnin gəlirliliyi 20%-dən çox, investisiya xərclərinin çıxarılma müddəti 4-5 ildir.
Birinci mərhələdə illik istehsal gücü 12 mlrd. kubmetr olan qaz emalı zavodunun və ildə 860 min ton polimer (yüksək və aşağı sıxlıqlı polietilen və polipropilen) istehsalını nəzərdə tutan neft-kimya zavodunun, avtonom enerji bloku daxil olmaqla ümumi zavod təsərrüfatının tikintisi planlaşdırılır.
8,6 mln. ton gücə malik yeni NEZ-in 2030-cu ildə istismara verilməsi nəzərdə tutulur.
N.Abbasova