Azərbaycan Xarici İşlər Nazirliyi rusiyalı müğənninin adını “arzuolunmaz şəxslər” siyahısından çıxarıb. Bu barədə XİN-in məlumatında deyilir.
“Rusiya vətəndaşı, müğənni, “Чай вдвоем” qrupunun keçmiş üzvü və “A-Dessa” layihəsinin yaradıcısı Stanislav Mixayloviç Kostyuşkin Azərbaycan Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib”, - deyə məlumatda bildirilir.
Qeyd edilir ki, S.Kostyuşkinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.
“Məktubunda S.Kostyuşkin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiyini, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə bilmədən və səfərin fəsadlarından əvvəlcədən məlumatlı olmadan səfər etdiyini qeyd edib. O, bu səfərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmədiyini vurğulayıb”, - deyə məlumatda qeyd olunur.
Bildirilir ki, səfərlə əlaqədar təəssüfünü ifadə edən S.Kostyuşkin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib və işğal olunmuş ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib. S.Kostyuşkin həmçinin gələcəkdə işğal olunmuş ərazilərə bu kimi səfərlərdən çəkinəcəyinə dair zəmanət verib.
F.İsazadə