“Bank Standard” 3 iyun tarixindən etibarən fiziki şəxslərin bankdakı 1 000 manata qədər olan xırda əmanətlərinin ödənişinə başlayır. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatında deyilir.
Xəbər verildiyi kimi, məhkəmənin qərarı ilə mayın 3-dən iyunun 3-dək bank tərəfindən fiziki və hüquqi şəxslərin əmanət və depozitlərinin ödənişi üzrə moratorium tətbiq edilib.
"Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "Bank Standard" QSC-yə təyin olunan müvəqqəti inzibatçı bankın aktivlərinin səfərbər edilməsi və likvidlik səviyyəsinin normallaşdırılması istiqamətində tədbirlər görüb. Bu tədbirlər nəticəsində toplanmış vəsaitlər hesabına 3 iyun 2016-cı il tarixindən etibarən fiziki şəxslərin “Bank Standard”dakı 1 000 manata qədər olan xırda əmanətlərinin ödənişinə başlanılır”, - deyə məlumatda qeyd edilir.
Digər ödənişlər üzrə moratorium isə məhkəmənin qərarı ilə 1 ay müddətinə uzadılıb.
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının qərarına əsasən, mayın 3-dən etibarən "Bank Standard" QSC-yə 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edilib. Buna səbəb son dövrlər bankın aktivlərinin keyfiyyətinin pisləşməsi nəticəsində bankın likvidlik və kapital mövqeyinin zəifləməsi, kreditorlar qarşısında öhdəliklərin icrasında çətinliklərin yaranması idi. Mövcud səhmdarlar və idarəetmə orqanları bankda yaranmış çətinlikləri həll etmək üçün yetərli resurslara sahib deyil.
“Bank Standard” Mərkəzi Bankdan 6 ay müddətinə 15 mln. manat məbləğində kredit alıb.
“Bank Standard” Azərbaycanın 5 aparıcı bankından biridir.
A.Əzizov