Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir. Bu barədə prezident İlham Əliyev bəyan edib.
"Qarabağ bizim tarixi ərazimizdir və biz bunu daim sübut etməliyik. Ermənilər 19-cu əsrdə Şərqi Anadoludan və İrandan Qarabağa köçürülüblər. Ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə ucaldılmış abidə var. Lakin müharibə zamanı ermənilər bu abidəni söküblər”, - deyə dövlət başçısı Dünya Azərbaycanlılarının IV Qurultayında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, 18-19-cu əsrlərə aid bütün coğrafi xəritələrdə Azərbaycan toponimləri istifadə edilir.
"Bizim Dağlıq Qarabağın Azərbaycana məxsus olmasını sübut edən kifayət qədər kitabımız, xəritəmiz, tarixi əsərlərimiz var. Lakin dünyada bir çoxları bu barədə bilmir, çünki təbliğat aparmaq lazımdır. Diaspor təşkilatları internet saytlar açmalı və bu məlumatları orada yaymalıdır. Təəssüf ki, biz hələ bunu görmürük", - deyə prezident qeyd edib.
İ.Əliyev bildirib ki, BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan 4 qətnamə qəbul edib, ancaq bu qərarlar icra olunmur.
R.Babayev