"Azəri-Çıraq-Günəşli" yataqları blokunun işlənməsinə başlanıldığı 1997-ci ilin noyabrından bu günədək 398 mln. ton neft hasil edilib. Bu barədə bu gün Bakıda keçirilən Xəzər Beynəlxalq Neft-Qaz Konfransında çıxış edərkən SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
«Bu həcmin 220 mln.-u Azərbaycanın mənfəət neftinin payına düşüb. Həmin dövrdə (1997-ci ilin noyabr ayından) AÇG blokundan 121 mlrd. kubmetr səmt qazı hasil edilib», - deyə X.Yusifzadə qeyd edib.
Onun sözlərinə görə, AÇG blokunda sutkada 90 min ton neft və 36 mln. kubmetr səmt qazı hasil edilir.
"2016-cı ilin 5 ayı ərzində “Azəri”, “Çıraq” və “Dərinsulu Günəşli” yataqlarından ümumilikdə 13,5 mln. ton neft çıxarılıb və bu həcmin 56%-i və ya 7,5 mln. tonu Azərbaycanın mənfəət neftinin payına düşüb. AÇG blokunda hasilat 80 quyudan həyata keçirilir", - deyə vitse-prezident bildirib.
O deyib ki, 1 iyun 2016-cı il tarixinə olan vəziyyətə görə dünya bazarlarına 412 mln. ton neft ixrac edilib və bu həcmin 304 mln. tonu Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə daşınıb.
"Hazırda dərində yerləşən layların işlənməsi layihələri üzərində iş gedir. Bu layların ümumi qaz ehtiyatı 233 mlrd. kubmetr, kondensat ehtiyatı 44 mln. ton həcmində qiymətləndirilir”, - deyə X.Yusifzadə qeyd edib.
N.Abbasova