Ermənistan Qarabağ münaqişəsinin nizamlanmasında və “status-kvo”nun dəyişdirilməsində maraqlı deyil. Bu barədə prezident İlham Əliyev bəyan edib.
"Ermənistan Qarabağ münaqişəsinin nizamlanmasını və “status-kvo”nun dəyişdirilməsini istəmir. Ona görə də münaqişə zonasında təxribatlara əl atır, yaşayış məntəqələrimizi atəşə tutur. Aprel ayında erməni təxribatı nəticəsində 2 hərbçimiz həlak olub”, - deyə prezident Dünya Azərbaycanlılarının IV Qurultayında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ermənilər aprelin əvvəlində də münaqişə zonasında vəziyyəti korlamaq istəyiblər. “Onlar aprel döyüşləri barədə yalan məlumatları dünyaya ötürməyə nə qədər çalışsa da, buna nail ola bilməyiblər. Yalnız erməni diasporuna satılmış xarici jurnalistlər aprel döyüşlərini ermənilərin qələbəsi kimi qələbə verməyə çalışdılar. Ancaq onlar da bacarmadılar. Hamı bilir ki, aprel döyüşlərində nə baş verib və nəticəsi nədir”, - deyə dövlət başçısı qeyd edib.
O əlavə edib ki, Ermənistan rəhbərliyi xalqını və dünya ictimaiyyətini aldatmağa çalışır: “Gah dedilər ki, heç bir torpaq itirməyiblər, guya qələbə qazanıblar, sonra da dedilər ki, torpaq itiriblər, ancaq əhəmiyyətsiz ərazilərdir. Sonra da dedilər ki, Azərbaycan alınmış torpaqları qaytarmalıdır. Gülünc vəziyyətə düşüblər. Təmas xəttində nəzarəti necə ələ alıblar ki, özləri 800 hektar ərazini itirdiklərini bildirirlər? Halbuki 800 hektar yox, 2000 hektardan çox ərazi azad edilib, bundan böyük ərazi Azərbaycan ordusunun nəzarəti altına keçib”, - deyə İ.Əliyev vurğulayıb.
Prezident deyib ki, Dağlıq Qarabağ ordusu yoxdur. Qarabağda erməni silahlı birləşmələrində xidmət edənlərin 80 faizi Ermənistan vətəndaşıdır.
İ.Əliyev əlavə edib ki, guya Azərbaycan Rusiyadan döyüşləri dayandırmağı xahiş edib. “Bu, ağ yalandan başqa bir şey deyil. Azərbaycan Rusiyadan heç bir xahiş etməyib. Azərbaycan ordusu əks-həmlə ilə torpaqlarımızı azad edib, Ermənistan da itirilmiş torpaqları 2-3 gün ərzində qaytarmağa çalışıb. Sonra isə Ermənistan Rusiyaya xahişlə müraciət edib. Rusiya Baş Qərargahı bildirdi ki, Ermənistan döyüşlərin dayandırılmasını xahiş edir. Mən bir cümlədə dörd yalan danışan prezident görməmişəm, Ermənistan prezidenti bu baxımdan mənfi mənada Ginnesin Rekordlar kitabına düşəcək”, - deyə prezident söyləyib.
Dövlət başısının sözlərinə görə, aprel döyüşləri Azərbaycan ordusunun qüdrətini bir daha göstərdi.
R.Babayev