Prezident İlham Əliyev xaricdəki diaspor təşkilatlarını Azərbaycanın təbliği üçün xarici ölkələrdəki KİV-lə daha fəal iş aparmağa çağırıb.
"Bu istiqamətdə çoxlu çatışmazlıqlar var. Biz Azərbaycan haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün xarici KİV-lə işi gücləndirməliyik”, - deyə İ.Əliyev Dünya Azərbaycanlılarının IV Qurultayında çıxışı zamanı bəyan edib.
Onun sözlərinə görə, bunun üçün Azərbaycanın bütün diaspor təşkilatlarının səylərinin birləşdirilməsi vacibdir.
Dövlət başçısı əlavə edib ki, hazırda dünyada Azərbaycanın 462 diaspor təşkilatı var.
İ.Əliyev qeyd edib ki, respublikada xaricdəki disapor nümayəndələrinin taleyi və işi ilə hər zaman maraqlanırlar. “Biz istəyirik ki, siz yaxşı yaşayasınız, yaxşı mövqelər tutasınız və Vətəninizə xidmət edəsiniz. Eyni zamanda dünyada yaşayan azərbaycanlıların tarixi Vətənləri ilə əlaqələrini kəsməməsini istəyirik”, - deyə prezident əlavə edib.
O vurğulayıb ki, xaricdəki diaspor təşkilatları vahid mövqedən çıxış etməldirilər.
Dövlət başçısı həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinin xaricdəki diaspor təşkilatları ilə daha sıx əməkdaşlığının, Azərbaycan səfirlikləri və diaspor təşkilatlarının sıx əlaqələrə malik olmasının vacibliyini qeyd edib.
"Müxtəlif ölkələrin dövlət, qanunvericilik və icra orqanlarında Azərbaycan diasporunun daha çox nümayəndəsinin təmsil olunmasını istəyirik. Təəssüf ki, indi onlar zəif təmsil olunublar. Bu, diaspor təşkilatlarının vəzifəsidir", - deyə prezident İ.Əliyev əlavə edib.