Azərbaycan Prezident Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov hesab edir ki, Almaniya Bundestaqının “erməni soyqırımı” ilə bağlı qərarı beynəlxalq münasibətlərin daha da gərginləşməsinə gətirib çıxaracaq.
“Bu cür addımlar beynəlxalq münasibətlərin daha da gərginləşməsinə gətirib çıxarır”, - deyə o, bu gün Almaniya parlamentinin uydurma “erməni soyqırımı” barədə qətnaməni jurnalistlərə şərh edərkən bildirib.
Şöbə müdirinin sözlərinə görə, burada ikili standartlar özünü göstərir. “Bu addımlar sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə heç də xidmət etmir. Bu cür siyasət düzgün deyil”, - deyə N.Məmmədov qeyd edib.
O deyib ki, 100 il bundan qabaq baş vermiş hadisə ilə əlaqədar tarixçi alimlər ətraflı araşdırma aparmalıdır: Bununla bağlı Türkiyənin gözəl təklifi var. Bu addımı atmaq lazımdır. Dəqiq elmi araşdırmalar aparıb, dəqiqləşdirdikdən sonra qərar qəbul edilməlidir. Yoxsa, indi bütün prosesləri siyasiləşdirmək düzgün addım deyil.