İndiyədək Azərbaycanda dörd siyasi partiya 2015-ci il ərzində maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim etməyib. Bu barədə MSK sədri Məzahir Pənahov bəyan edib.
“Bu günə qədər Azərbaycanda rəsmi qaydada fəaliyyət göstərən 55 siyasi partiyadan 2015-ci il ərzində maliyyə hesabatını MSK-ya 51 partiya təqdim edib. Dörd partiya ötən il ərzində fəaliyyətlərinə dair hesabatı hələlik təqdim etməyib”, - deyə Məzahir Pənahov çərşənbə axşamı jurnalistlərə bildirib.
O, 2014-cü illə müqayisədə bu istiqamətdə mühüm irəliləyişin olduğunu qeyd edib. “Ümid edirəm ki, gələn il bu cür problemlər olmayacaq”, - deyə MSK sədri əlavə edib.
MSK-nın məlumatına əsasən, Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası və Azərbaycan Demokratik Sahibkarlar Partiyası 2015-ci il ərzində maliyyə hesabatını indiyədək MSK-ya təqdim etməyib. **
R.Babayev