Sahibkarlığa Kömək Milli Fondu (SKMF)2009-cu ildən etibarən Azərbaycanda 52 logistik mərkəzin yaradılmasına 161 mln. manat ümumi məbləğdə güzəştli kredit ayırıb. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev bəyan edib.
“2009-cu ildən etibarən meyvə, tərəvəz, toxum və digər ərzaq məhsullarının tədarükü və saxlanması məqsədilə müasir logistik mərkəzlər inşa edilir. İndiyədək SKMF 52 bu cür mərkəzin yaradılmasına 161 mln. manat məbləğində güzəştli kredit ayırıb”, - deyə Ş.Mustafayev “Azərbaycan” qəzetində dərc olunan məqalədə qeyd edir.
Bu mərkəzlərin ümumi tutumu 330 min ton təşkil edəcək.
“Bu günə tutumu 241 min ton olan 42 logistik mərkəz artıq istifadəyə verilib”, - deyə nazir vurğulayıb.
Ş.Mustafayev əlavə edib ki, bu cür mərkəzlərin inşası Azərbaycanın ərzaq təhlükəsizliynin təminatı, regionların inkişafı, ixrac potensialının artımına mühüm töhfə verir.
Nazir vurğulayıb ki, 2016-cı ildə Azərbaycanda SKMF xətti ilə sahibkarların güzəştli kreditləşməsinin həcmi 250 mln. manat təşkil edəcək.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 59 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2015-ci ildə fondun xətti ilə sahibkarlara 248,5 mln. manat məbləğində güzəştli kredit verilib. **
A.Əzizov