Prezident İlham Əliyev Almaniya şirkətlərini Azərbaycanda fəaliyyətin təşkilinə çağırıb.
“Biz Azərbaycanda daha çox alman şirkətlərini görmək istəyirik”, – deyə dövlət başçısı çərşənbə axşamı Berlində Azərbaycan-Almaniya İqtisadi Forumunun açılışında bəyan edib.
Hazırda ölkədə qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirildiyini deyən İ.Əliyev ixrac potensialının şaxələndirilməsi, kənd təsərrüfatının, informasiya-kommunikasiya texnologiyalarının, nəqliyyat sektorunun inkişaf etdirilməsinin prioritet məsələlər sırasında olduğunu vurğuladı.
Prezident Bakı-Tbilisi-Qars dəmir yolunun 2016-cı ildə istifadəyə veriləcəyinə ümidvar olduğunu bildirdi. Bundan başqa, Bakıda ən böyük dəniz limanının tikintisinin aparıldığını qeyd etdi. Onun fikrincə, bununla da Azərbaycan gələcəkdə logistik mərkəzə çevriləcək.
Avropaya qaz ixracını təmin edəcək layihənin icra olunduğunu bildirən İ.Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinin mühüm qolu olan TAP-ın inşasının uğurla davam etdiyini dedi. Prezident bu layihənin mənbələrin şaxələndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. **
A.Əzizov