Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejimi çox kövrəkdir. Belə bəyanatla prezident İlham Əliyev çıxış edib.
«Atəşkəs rejimi olduqca kövrəkdir. Ermənistan vəziyyətə nəzarət edə bilmir və status-kvo bu cür davam edə bilməz”, - deyə dövlət başçısı bu gün Berlində Azərbaycan-Almaniya İqtisadi Forumunda bildirib.
O, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasının vacibliyini vurğulayıb.
İ.Əliyev BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyən Ermənistana qarşı sanksiyaların tətbiq edilməməsindən təəssüfləndiyini deyib.
Dövlət başçısının sözlərinə görə, son 25 il ərzində Azərbaycanda əsaslı siyasi və iqtisadi islahatlar keçirilib.
«Münaqişənin tezliklə həll olunması regionun sabitliyinə xidmət edəcək. Biz Ermənistanla atəşkəs müddətini ölkəmizin inkişafına sərf etmişik», - deyə İ.Əliyev bildirib.*
F.İsazadə