“Bakı Metropoliteni” QSC iyulun 1-dən etibarən “20 Yanvar” stansiyasının birinci vestibülünü sərnişinlərin giriş-çıxışı üçün bağlayacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
“10 iyul 2016-cı il tarixindən “20 Yanvar” stansiyasının I vestibülündə istismar müddəti bitmiş 3 eskalatorun dəyişdirilməsi prosesi həyata keçiriləcək. Onların əvəzində sərnişinlərin qalxması üçün 2 müasir eskalator, düşməsi üçün isə daş pilləkən quraşdırılacaq”, - deyə o bildirib.
N.Paşayevin sözlərinə görə, işlərin 2016-cı il sentyabrın 10-dək başa çatdırılması planlaşdırılır. "Bu işlərin aparılacağı müddətdə I vestibül sərnişinlərin giriş-çıxışı üçün bağlı olacaq”, - deyə o qeyd edib.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 2 xətt və 24 stansiyadan ibarətdir. Sərnişin daşımalarının illik həcmi 200 mln. nəfər, gündəlik daşımaların həcmi isə 500 min nəfər təşkil edir.*
N.Abbasova