“Azərbaycan Hava Yolları” (AZAL) “İlyuşin Finans Co” şirkətindən MS-21 təyyarələrini lizinqə götürəcək. Çərşənbə günü İrkutskda ilk ortamagistral sərnişin təyyarəsinin təqdimetmə mərasimi çərçivəsində müvafiq memorandum imzalanıb.
AZAL-ın prezidenti Cahangir Əsgərov jurnalistlərə bildirib ki, təyyarələrin dəqiq sifariş parametrləri 2017-ci ilin fevral ayında razılaşdırılacaq. “Bu dövrə qədər təyyarələrin sayı, qiyməti, daxili təribatı müəyyən ediləcək. Əsas onun necə uçacağıdır, heç bir problemin olmadığına əmin olduqdan sonra dəqiq müqavilə imzalayacağıq”, - deyə o qeyd edib.
Xəbər verildiyi kimi, çərşənbə günü “İrkut” korporasiyası sınaq uçuşlarının aparılması üçün nəzərdə tutulan ilk MS-21-300 ortamagistral sərnişin təyyarəsinin təqdimetmə mərasimi keçirilib.
MS-21 təyyarələri Tu-204, Tu-154B/M və onların qərb analoqlarını (o cümlədən, Boeing 737 və А320) əvəz etmək üçün yaradılır. Uçuş sınaqlarını cari ilin sonunda aparmaq nəzərdə tutulub, seriya istehsalı isə 2017-ci ildə planlaşdırılır.
Təyyarələr modellərdən asılı olaraq 150-211 sərnişinin daşınması üçün nəzərdə tutulub. **