Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycanın Tovuz rayonunun Yanıqlı kənd sakini Zöhrə Vəliyevanın Ermənistana keçməsi barədə məlumatı araşdırır.
Dövlət Komissiyasının saytında dərc olunan məlumata əsasən, “araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
Öncə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçməsinə dair məlumatı təsdiqləyib.
“Ermənistan hakimiyyət orqanları 7 iyun tarixində Ermənistan-Azərbaycan beynəlxalq sərhədi keçən şəxs haqqında BQXK-nı məlumatlandırıb”, - deyə İ.Hüseynova bildirib.
Ermənistanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar işçi qrupunun rəhbəri Armen Kaprielyana istinadən erməni mətbuatı iyunun 7-də Azərbaycanın Tovuz rayonunun Yanıqlı kənd sakini Zöhrə Vardzar qızı Vəliyevanın Ermənistana keçməsi barədə məlumat yayıb.**
F.İsazadə