Vergilər Nazirliyi yaxın zamanda vergidən yayınan və ya qanunvericiliyin tələblərinə əməl etməyən riskli vergi ödəyicilərinin müəyyənləşdirilməsi üçün yeni proqram təminatını istifadəyə verməyi planlaşdırır. Bu barədə nazirliyin Vergi Auditi və operativ vergi nəzarəti idarəsinin rəisi Toğrul Quliyev bəyan edib.
“Yaxın zamanda vergidən yayınan və ya qanunvericiliyin tələblərinə əməl etməyən riskli vergi ödəyicilərinin müəyyənləşdirilməsi üçün Vergilər Nazirliyi tərəfindən hazırlanmış yeni proqram təminatı yaxın zamanlarda istifadəyə veriləcək”, - deyə T.Quliyev “Vergilər” qəzetinə (Vergilər Nazirliyinin mətbua orqanı) müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu yeni proqram təminatı vasitəsi ilə vergidən yayınan vergi ödəyiciləri müəyyənləşdirilərkən avtomatik olaraq vergi nəzarətinin növü də seçiləcək.
“Bu yeni metod vergi ödəyicilərinə təyin ediləcək yoxlamaların tam əsaslandırılmasına, vergi orqanlarının inzibati və insan resurslarından daha səmərəli istifadə olunmasına, vaxt itkisinin qarşısının alınmasına kömək etməklə yanaşı vergidən yayınan vergi ödəyicilərinin vaxtında aşkar edilməsinə imkan verəcək”, - deyə o vurğulayıb. **
A.Əzizov