Bakı Nəqliyyat Agentliyi (BNA) iyunun 9-dan 16, 18 və 96 saylı marşrut xətlərini ləğv edib. Bu barədə agentlikdən məlumat verilib.
“Təkmilləşdirmə işlərinin davamı olaraq müvafiq sərəncama uyğun şəkildə 09.06.2016-cı il tarixindən etibarən 16, 18 və 96 saylı marşrut xətləri xəttdən çıxarılıb. Səbəb bu marşrut xətlərinin BNA tərəfindən hazırlanan Nəqliyyatın Ümumi konsepsiyasında nəzərdə tutulan tələblərə cavab verməməsi və təkrarlanan marşrut xətləri hesab olunmasıdır”, - deyə məlumatda qeyd edilir.
İyunun 8-də Bakı Nəqliyyat Agentliyində şəhər nəqliyyatında müntəzəm sərnişindaşıma sahəsində xidmət göstərən daşıyıcı şirkətlərin rəhbərləri ilə görüş keçirilib. Görüş əsnasında Nəqliyyatın Ümumi konsepsiyasında nəzərdə tutulan şərtlərə və tələblərə cavab verməyən daşıyıcılarla bağlı tədbir görüləcəyi sahibkarların diqqətinə çatdırılıb.
BNA-nın məlumatına görə, tələblərə uyğun olmayan marşrut xətləri ilə bağlı analoji tədbirlər mərhələli şəkildə davam edəcək. Daşıyıcı şirkət standartlara və tələblərə cavab verən müasir avtobuslar təklif edərsə, alternativ yeni xətlərdə həmin daşıyıcı şirkətlərin xidmətləri dəyərləndiriləcək. *
N.Abbasova