Azərbaycan hökuməti sabun, yuyucu vasitələr və məişət kimyası məhsullarının istehsalını təşkil etmək niyyətindədir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
«Bu gün bu məhsulların ölkəyə idxal həcmi yüksəkdir, daxili bazarın illik tələbatı 4-5% artır. Azərbaycanda təbii sabun, yuyucu vasitələr və məişət kimyası məhsullarının istehsalı üçün bitki və heyvan mənşəli yağlar var. Bu layihənin həyata keçirilməsi adıçəkilən malların idxalını yerli istehsal olan daha ucuz analoqlarla əvəz etməyə imkan verəcək», - deyə məlumatda bildirilir.
Müvafiq müəssisələr Sumqayıt Kimya Sənaye Parkı (SKSP) ərazisində fəaliyyət göstərə bilər.
«Hazırda sabun və yuyucu vasitə istehsal edən müəssisənin yaradılması layihəsinin texniki-iqtisadi əsaslandırılması hazırlanır. Onun ilkin dəyəri $80 mln., həyata keçirilmə müddəti 5 il, xərclərin çıxarılma müddəti 6 ildir», - deyə hökumətdən qeyd edilib.
Hökumət məişət kimyası məhsullarının istehsalı müəssisəsinin yaradılmasına investisiya qoyuluşlarını $25 mln. həcmində qiymətləndirir. Bu layihə üzrə investisiya planı hazırlanıb. Layihənin reallaşdırılma müddəti 1 il, xərclərin çıxarılma müddəti 3 təşkil edəcək.
Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb. Hazırda 7 şirkət parkın rezidenti statusuna malikdir.
Parkın ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri yaradılır.*
N.Abbasova