Xarici İşlər Nazirliyi litvalı jurnalist Audrys Antanaitisin adını “qara siyahı”dan çıxardı. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
“Litva Respublikasının vətəndaşı, Litvanın Jurnalistlər İttifaqının sədr müavini, “Alkas” internet portalının redaktoru Audrys Antanaitis Azərbaycanın Litvadakı səfirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib”, - deyə XİN-in mətbuat xidmətinin məlumatında deyilir.
Qeyd olunur ki, A.Antanaitisin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.
“Məktubunda A.Antanaitis cari ilin 7-10 may tarixlərində operator Arunas Sartanaviçyus ilə birlikdə Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə bilərəkdən qeyri-qanuni səfər etdiyini və səfər barədə Azərbaycan tərəfini öncədən məlumatlandırmadığını etiraf edib”, - deyə XİN-in məlumatında qeyd olunur.
Nazirlik bildirir ki, A.Antanaitis səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini bildirib.
“İşğal olunmuş ərazilərimizə dair hazırladıqları reportajların birtərəfli olması ilə əlaqədar təəssüfünü bildirən A.Antanaitis, ölkəmiz və münaqişə haqqında daha doğru və obyektiv məlumatların Litva ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycana səfər etmək niyyətini ifadə edib”, - deyə məlumatda vurğulanır. **
F.İsazadə